25-29 noyabr 2019-cu il tarixləri arasında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin on (10) əməkdaşı Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanının təşkilatçılığı və ev sahibliyi ilə həyata keçirilən 5 günlük tədris səfərində iştirak etmişlər.
Səfərin əsas məqsədi, Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) üzrə Fəaliyyətlər ilə əlaqədar Transfer Qiymətqoyma və Beynəlxalq Vergitutma qaydalarına dair yenilikləri yaxından izləmək idi.
Bundan əlavə, nazirliyin əməkdaşları təlimləri keçən ekspertlərlə birgə vergi yoxlamaları ilə əlaqədar olan real məhkəmə prosesləri üzrə müzakirələr və təhlillər aparmış, eləcə də transfer qiymətləri və beynəlxalq vergitutma məsələlərinə aid yeni audit yanaşmalarına dair bilik və bacarıqlarını daha da inkişaf etdirmişlər.